#Qəzza və Fələstin mövqeyi

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu cümə axşamı xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcək. Ciddə şəhərindəki baş qərargahda baş tutacaq toplantının əsas məqsədi İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi son tədbirlərə, o cümlədən yaşayış məskənlərinin genişləndirilməsi və aneksiya cəhdlərinə qarşı vahid mövqe nümayiş etdirməkdir.

İsrail ordusu atəşkəsə rəğmən Qəzza zolağının müxtəlif bölgələrinə istiqamətlənmiş hücumlarını davam etdirərkən, Xan Yunisdə ayaqda qalan binaları da partlayıcılarla havaya uçurub. İsrail 10 oktyabrdan bəri qüvvədə olan atəşkəs razılaşmasını pozmağa davam edir. Şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzza şəhərinin şərq bölgələrini və bölgənin şimalında yerləşən Cibaliya qəsəbəsinin şərq hissəsini hədəf alıb.

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsı Qabbard bildirib ki, Qəzza sektorunda atəşkəsin müşahidəsi çətin və daha çox ünsiyyət, koordinasiya və şəffaflıq tələb edən işdir. Qabbard verdiyi açıqlamada və ABŞ-ın idarə etdiyi Hərbi-Vətəndaş Koordinasiya Mərkəzinə gözlənilməz səfəri zamanı “illərdir görünməyən dərəcədə, yalnız İsraildə deyil, bütövlükdə Yaxın Şərqdə real ümid hissi olduğunu” deyib. O, bu mərkəzi “müştərək maraqlar naminə ölkələrin birləşməsinin nə gətirə biləcəyinin canlı nümunəsi” adlandırıb və bunun gələcək nəsillər üçün dayanıqlı sülh imkanını yarada biləcəyini söyləyib.

UNRWA-nın X platformasında yayımladığı açıqlamaya əsasən, İsrailin Qəzza şəhərini işğal etmək planı bölgədəki təxminən 1 milyon fələstinlinin izdihamlı məkanlara sığınmağa məcbur olacağı və humanitar fəlakətə səbəb olacağı bildirilib. Açıqlamada, hücumların aclığı və iztirabları daha da dərinləşdirəcəyi, Qəzzanın “təhlükəli döyüş bölgəsi” elan edilməsi ilə vəziyyətin daha da ağırlaşacağı vurğulanıb. İsrail Təhlükəsizlik Kabinetinin avqustun 8-də Qəzza şəhərinin işğalı planını təsdiq etdiyi, Baş nazir Benyamin Netanyahunun isə bütün Qəzza zolağının işğalını hədəflədiklərini açıqladığı qeyd olunub. Plana görə, ilk mərhələdə 1 milyon fələstinli cənuba köçürüləcək, şəhər mühasirəyə alınacaq və intensiv hücumlardan sonra işğal ediləcək. İkinci mərhələdə isə Qəzzanın mərkəzindəki xarabalığa çevrilmiş qaçqın düşərgələrinin işğalı nəzərdə tutulur.

İsrail, 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına yönəltdiyi hücumlarda yalnız infrastruktur və həyati obyektləri deyil, eyni zamanda müəllim və akademikləri hədəfə alaraq elmi dünyanı da məhv edir. Qəzzada elmi camiəni də hədəf alan İsrail 193 akademik və 800 müəllimi qətlə yetirib. Qəzzadakı Fələstin Hökumətinin Media Ofisinin rəhbəri İsmail əs-Sevabite Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib ki, İsrail Qəzzada alimləri, akademikləri və tədqiqatçıları sistemli şəkildə hədəfə alır. "İşğalçı İsrail bu addımı ilə Fələstin cəmiyyətində uzunmüddətli elmi və mədəni boşluq yaratmaq, institusional potensialı zəiflətmək və gələcək nəsilləri bilikdən məhrum etmək istəyir" – deyə Sevabite bildirib.

Fələstin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya planlaşdırdığı işğalın bölgədə yaşayan milyonlarla insanı həyati təhlükə ilə üz-üzə qoyacağı barədə xəbərdarlıq edib. Nazirliyin açıqlamasında qeyd olunub ki, Qəzzanın işğalı soyqırımı və aclığı daha da dərinləşdirəcək, şəhərin infrastrukturu tamamilə dağıdılaraq 2 milyondan çox dinc sakini fəlakətə sürükləyəcək. Açıqlamada vurğulanıb ki, Qəzzada yaşanan aclıq təbii səbəblərdən deyil, İsrailin yardımı “müharibə silahı” kimi əngəlləmək məqsədli siyasətindən qaynaqlanır. “Beynəlxalq ictimaiyyətin bu aclığı dayandıra bilməməsi ölkələrin və qurumların mənəvi dəyərlərinə ciddi zərbə vurur”, – deyə bəyanatda bildirilib. Nazirlik həmçinin beynəlxalq qurumları, xüsusilə BMT-ni minlərlə insanın həyatını xilas etmək üçün məcburi addımlar atmağa çağırıb.