Dr. Akbeyaz vurğulayır ki, uşaqların inkişaf etməkdə olan gözləri və beyinləri mavi işığa böyüklərdən daha həssasdır. Bu, onların yuxu-oyanma dövrünü tənzimləyən melatonin hormonunun istehsalını əngəlləyir, nəticədə yuxu pozğunluqları, diqqət çatışmazlığı, öyrənmə çətinlikləri və emosional qeyri-sabitlik kimi problemlərə yol açır. Xüsusilə yeniyetməlik dövründə bu təsirlər daha ciddi ola bilər, çünki bu yaşda beyin inkişafı və emosional tarazlıq xüsusi əhəmiyyət kəsb edir. Mavi işığın təsirləri yalnız yuxusuzluqla məhdudlaşmır. Qeyri-kafi yuxu uşaqların fiziki inkişafına da təsir edərək böyümə hormonu ifrazını azaldır, həmçinin yaddaş, diqqət və akademik performansda problemlər yaradır.