#Venesuelalı miqrantlar

Bu günü Venesuelanın paytaxtı Karakasda təyyarələrin uçuş səsi, güclü partlayışa bənzər gurultular və ən azı bir tüstü sütunu müşahidə olunub. Məlumata görə, şəhərin əsas hərbi bazalarından birinin yerləşdiyi cənub bölgəsində elektrik enerjisi kəsilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsi üçün təzyiqləri artırmaq məqsədilə bu ölkədə quru əməliyyatları aparılacağına dair dəfələrlə vədlər verib. Bu təzyiqlərə genişləndirilmiş sanksiyalar, regionda ABŞ hərbi mövcudluğunun gücləndirilməsi, eləcə də Sakit okean və Karib dənizində narkotik qaçaqmalçılığında iştirak etdiyi iddia olunan gəmilərə qarşı iki ondan çox zərbənin endirilməsi daxildir.

ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem, məhkəmə qərarına baxmayaraq, Venezuelalı miqrantların El Salvadora deportasiyası əmri verdiyini təsdiqləyib.NBC News-un “Meet the Press” proqramına müsahibəsində Noem bildirib ki, deportasiya uçuşlarının davam etdirilməsi qərarı onun öz səlahiyyətindədir. “Noem bildirib ki, deportasiya qərarlarının harada və nə vaxt icra olunacağı Daxili Təhlükəsizlik Nazirliyində mənim səlahiyyətimdədir. Təhlükəli cinayətkarların ölkədən çıxarılmasını təmin etmək üçün doğru olanı etməyə davam edəcəyik”, – deyə o qeyd edib.

Cənubi Koreya ABŞ ilə yaşadığı siyasi anlaşmazlıqlar səbəbindən Venesuelanın sərhəd bölgələri olan Zulia, Tachira, Apure və Sucre əyalətlərinə səyahət qadağası tətbiq edib. Cənubi Koreya Xarici İşlər Nazirliyi Venesuela üçün ən yüksək səviyyəli, 4-cü səviyyə səyahət xəbərdarlığını elan edib. Ölkənin digər bölgələri üçün isə 3-cü səviyyəli səyahət xəbərdarlığı verilib və vətəndaşlara həmin bölgələri tərk etmələri tövsiyə olunub. Açıqlamada qeyd olunub ki, qadağa tətbiq olunan ərazilərə xüsusi icazə olmadan gedən və ya qalan şəxslərə cinayət məsuliyyəti tətbiq oluna bilər.

Venesuela Dövlət Başçısı Nikolas Maduro milli müdafiə sistemini gücləndirmək məqsədilə Milli Bolivarcı Milis Qüvvələrinin genişləndirilməsi üçün yeni səfərbərlik elan edib. Maduro ABŞ-ın Karib hövzəsində artırdığı hərbi mövcudluğunu əsas gətirərək milis qüvvələrinin daha da gücləndirilməsi barədə yeni qərarlar açıqlayıb. Maduro ölkə üzrə ilk dəfə olaraq 15 min 751 xalq müdafiə bazasının və 5 min 336 kommunal milis biriminin səfərbər ediləcəyini bildirib. Venesuela Dövlət başçısı Maduro rəqəmsal platforma vasitəsilə vətəndaşların milis qüvvəsinə yazılmağa davam etdiyini qeyd edərək, illərdir təhsil almış təxminən 4.5 milyon nəfərlik "güclü baza"nın yanında könüllülərlə birlikdə bu sayın 8 milyonu aşmasının gözlənildiyini söyləyib.

Venesuela prezidenti müavini və neft naziri Delsi Rodriges ABŞ-ı ölkəsinin sahillərindən və ərazisindən uzaq durmağa çağırıb. “Öz problemlərinizi həll edin və sahillərimizdən, torpaqlarımızdan uzaq durun. Əgər ABŞ ölkəmizə hücum etməyə cəhd edərsə, Venesuela onların ən böyük kabusuna çevriləcək” – deyə Rodriges Vaşinqton rəhbərliyinə səslənib. O, ABŞ-ın Venesuelanın zəngin enerji ehtiyatlarına əl qoymaq niyyətində olduğunu iddia edərək əlavə edib: “Onlar anlamalıdırlar ki, ABŞ təbiəti istismar edən imperialist və ekspansionist bir dövlətdir. Digər ölkələrə öz müstəmləkəsi kimi baxır. Halbuki bu gün özü sosial, iqtisadi və siyasi böhran içindədir.”

Hərbi forma geyinərək Karakasın Makarao rayonunda keçirilən 2-ci İnqilab Xüsusi Əməliyyatlar Kursunun bağlanış mərasimində çıxış edən Prezident Nikolas Maduro, ABŞ Prezidenti Donald Trampın “narkotik kartelləri ilə mübarizə” bəhanəsi ilə Karib dənizinə hərbi birləşmələr göndərmə qərarını sərt şəkildə tənqid edib. Maduro, “Onların Venesuelaya girməsinin heç bir yolu yoxdur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olan bu mühasirə, təqib və qeyri-qanuni təhdidlər bizim gücümüzü artırır,” - deyə bildirib.