#Heydər Əliyev Fondu

İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş “Onlardan biri: Emil” adlı anım tədbiri keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, "Ürəkdən Qana" layihəsinin rəhbəri Ayşən Abdullayevanın təşəbbüsü və layihənin ümumi rəhbəri Elvin Nüsrətoğlunun rəhbərliyi ilə təşkil olunub.

Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni nümunəvi ictimai çimərlik istifadəyə verilib. Təxminən 5 hektar ərazini əhatə edən istirahət məkanı tamamilə ödənişsizdir. Çimərlikdə sakinlərin rahatlığı üçün xilasetmə məntəqələri, kölgəliklər, duş və soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və oyun meydançaları yaradılıb. Əlilliyi olan şəxslərin rahat hərəkəti üçün xüsusi yollar və panduslar inşa edilib. Bu, IDEA İctimai Birliyi tərəfindən yaradılan yeddinci nümunəvi ictimai çimərlikdir. Daha əvvəl Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində oxşar çimərliklər istifadəyə verilmişdi. IDEA sakinləri sahillərin təmizliyinə riayət etməyə və suda təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

İyunun 26-da Dənizkənarı Milli Park ərazisində bir sıra layihənin təqdimat mərasimləri keçirilib. Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Bildirilib ki, yeni idman klubu Dənizkənarı Milli Parkda sağlam həyat tərzinin təşviqi, idman infrastrukturunun genişləndirilməsi və istirahət imkanlarının artırılması istiqamətində görülən işlər çərçivəsində qurulub. Burada müasir avadanlıqlarla təchiz olunan funksional fitnes zalı, padel kortları və dinamik idman imkanları yaradılıb.