Rəsmi Xronika

Roma Papası XIV Leo Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: "Milli bayramınız münasibətilə Zati-alinizə və xalqınıza həmrəylik və firavanlıq arzularımı çatdırmaqdan məmnunam. Uca Tanrıya dua edirəm ki, azərbaycanlıları öz cəmiyyətlərini daha da inkişaf etdirməyə ruhlandırsın. Qoy, onlar ümumi rifah uğrunda çalışaraq, hər bir insanın ləyaqətini müdafiə edərək, ehtiyacı olanlara yardım göstərərək həmişə sülhün tərəfdarı olsunlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verdi. Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir. Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxdı. Bildirildi ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub. Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var. Yeni binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin binaya rahat və təhlükəsiz şəkildə girişinin, həmçinin sərbəst hərəkətinin təmin edilməsinə imkan verən infrastruktur yaradılıb. Binada rəsmi görüş və toplantılar üçün 25 otaq nəzərdə tutulur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına cavab verən binada müasir texnologiya və informasiya sistemləri də quraşdırılıb. Burada, həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət məkanı yaradılıb, 340 nəfərlik yeməkxana da onların ixtiyarına veriləcək. Müxtəlif tədbirlərin və təqdimatların keçiriləcəyi 240 nəfərlik konfrans zalında isə hər bir şərait mövcuddur. Gecə saatlarında binanın vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərinin və proyeksiyaların tətbiqinə imkan verir. Fasad da daxil olmaqla, ərazinin və binanın işıqlandırılması hərəkət sensorlu LED texnologiyası ilə təchiz olunub. Bu isə öz növbəsində günün işıqlı saatlarında elektrik enerjisinə qənaət etməyə imkan verir.

İran Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan və İran xalqları arasındakı ortaq mədəni və tarixi bağlar vurğulanıb, ölkələr arasındakı dostluq əlaqələrinin möhkəmləndiyi qeyd olunub. Həmçinin iki ölkə arasındakı regional və beynəlxalq əməkdaşlıq prosesinin davamlı inkişafına ümid ifadə edilib.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb. Sənəddə qeyd olunub ki, Milli Kibertəhlükəsizlik Agentliyi (bundan sonra – Agentlik) ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsinin) həyata keçirilməsini, həmçinin dayanıqlılığın artırılmasını, o cümlədən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətləri aşkarlamaq, araşdırmaq və qarşısını almaq üçün preventiv tədbirlərin görülməsini (dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturları, eləcə də kritik informasiya infrastrukturları istisna olmaqla), mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, dövlət və qeyri-dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin edən (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), habelə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlər görən və fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təbrik məktubu ünvanlayıb.Məktubda qeyd olunub: "Hörmətli cənab Prezident, Əlamətdar tarix – İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram. İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır. Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk. Keçən ilin oktyabrında Sizin Azərbaycana ikinci dəfə rəsmi səfər etməyiniz dövlətlərarası əlaqələrimizin və aramızdakı siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılışında birgə iştirakımız ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına ən ali səviyyədə göstərilən diqqətin təzahürüdür. Siyasi əlaqələrimizin yüksək səviyyəsi Azərbaycan-İtaliya qarşılıqlı fəaliyyətinin inkişafında mühüm rol oynayır. Bu gün ikitərəfli gündəliyimizdə duran məsələlərin spektri çox genişdir. Uğurlu iqtisadi-ticari, enerji, sənaye istehsalı tərəfdaşlığından tutmuş təhsilə qədər uzanan və ildən-ilə yeni sahələri əhatə edən əməkdaşlığımız strateji xarakter daşıyır. İqtisadi əlaqələrimizin mövcud potensialının tam şəkildə reallaşdırılması, sərmayə, müdafiə, humanitar, o cümlədən yeni istiqamətlər üzrə əməkdaşlığın şaxələndirilməsi qarşımızda duran əsas məsələlərdəndir. Əminəm ki, Azərbaycan-İtaliya dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İtaliya xalqına daim firavanlıq və rifah arzulayıram".

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə görüşdə Donald Tramp tərəfindən əvvəl verilmiş xatirə hədiyyəsini göstərib. Hədiyyə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının uzadılması memorandumunu ehtiva edir və memorandumda ABŞ Prezidentinin Azərbaycan dövlət başçısına səmimi müraciəti yer alır.

Monteneqro Prezidenti Yakov Milatoviç Prezident İlham Əliyevə 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbrik məktubu göndərib. Məktubda həm ölkələrarası dostluq və əməkdaşlıq münasibətləri, həm də gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi vurğulanıb. Milatoviç ilin sonunda Azərbaycana rəsmi səfər etməyi səbirsizliklə gözlədiyini də bildirib.

Kamboca Kralı Norodom Sihamoni Prezident İlham Əliyevə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb. Məktubda cansağlığı, şəxsi rifah və xalqın firavanlığı üçün arzular ifadə olunub. Kral həmçinin Kamboca və Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.