#Xarici İşlər Nazirliyi

10 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın məqsədi Somalinin “Somalilənd” bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı Somalinin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə bu istiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.

29 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub. Bildirilib ki, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Növbəti ildə də yüksək səviyyəli siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.