#Ceyhun Bayramov

11 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərqdə vəziyyət və Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.

8 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin ölkəmizdə səfərdə olan xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belionu qəbul edib. Görüş zamanı, Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə siyasi dialoqun əhəmiyyəti, iqtisadi, enerji, turizm, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq, eləcə də regional məsələr müzakirə olunub.

29 sentyabr 2025-ci tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub. Bildirilib ki, nazir Ceyhun Bayramov, Murat Nurtleunu dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Anqolanın xarici işlər naziri Tete Antoniu ilə görüş keçirib.Azərbaycan–Anqola əlaqələrinin siyasi məsləhətləşmələr vasitəsilə inkişafı, ticarət, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Dr. Əbdüllətif bin Rəşid Əz-Zayani ilə görüş keçirib.Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.