ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ ərazisinə qatılacağı ilə bağlı açıqlaması Vaşinqton tərəfindən sonradan “zarafat” kimi təqdim edilib. ABŞ rəsmisinin bu açıqlamanı düzəltməsi isə onsuz da gərgin olan Yaxın Şərqdə siyasi ritorikanın nə qədər təhlükəli həddə çatdığını bir daha gündəmə gətirib. Dünyanın ən güclü hərbi qüvvəsinə malik ölkəsinin prezidentinin strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı belə açıqlama verməsi beynəlxalq ictimaiyyətdə ciddi suallar yaradıb. Xüsusilə də ABŞ rəhbərinin əvvəlki sərt bəyanatları fonunda hansı açıqlamanın real təhdid, hansının isə siyasi ritorika və ya zarafat olduğunu müəyyənləşdirmək çətinləşir.