Livan parlamentinin sədri Nəbih Berri ABŞ-ın Livan üzrə Hərbi Əlaqələndirmə Qrupunun rəhbəri general Cozef Klerfildlə görüşüb. Tərəflər İsrailin Livanın cənubuna qarşı həyata keçirdiyi hücumları və bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Berri İsrailin 2024-cü ilin noyabrından etibarən Livana qarşı sistemli hücumlar həyata keçirdiyini bildirib. O, kəndlərin, əkin sahələrinin və meşələrin dağıdıldığını, tarixi və mədəni irs obyektlərinə də ziyan dəydiyini deyib. Livan parlamentinin sədri İsrailin hərbi əməliyyatları dayandırmasını və beynəlxalq sərhədə qədər geri çəkilməsini tələb edib. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması İsrailin Livanın cənubundan mərhələli şəkildə çıxmasını nəzərdə tutur. Razılaşmaya əsasən, Livan ordusunun bölgədə yerləşdirilməsi də planlaşdırılıb. Buna baxmayaraq, Livan İsrailin cənub bölgəsində hərbi fəaliyyətini davam etdirdiyini bildirir.