#Həccə

Yəmənin “Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının Cizan bölgəsində yerləşən “Aramco” neft emalı zavoduna hücum etdiyini açıqlayıb. Husilərin məlumatına görə, hücum zamanı iki pilotsuz uçuş aparatından istifadə olunub. Hücum barədə məlumat Yəmənin “Səba” xəbər agentliyi tərəfindən hərbi mənbəyə istinadən yayılıb. Husilər əməliyyatın Səudiyyə Ərəbistanının Yəmənin Səədə və Həccə vilayətlərindəki fəaliyyətinə cavab olduğunu bildiriblər. Hərəkat Səudiyyə Ərəbistanını Yəmənin hava məkanını və suverenliyini pozmaqda ittiham edir. Cizandakı neft emalı zavodu Səudiyyə Ərəbistanının mühüm enerji müəssisələrindən biri hesab olunur. Husilər bundan əvvəl də həmin bölgədə “Aramco”ya məxsus obyektləri hədəfə aldıqlarını açıqlayıblar. Son hücum Yəmənlə Səudiyyə Ərəbistanı arasında hərbi gərginliyin yenidən artdığı bir vaxtda baş verib.