#Qarşılıqlı anlaşma memorandumu

İranın baş müzakirəçisi və parlament sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ni bölgədə təhlükəsizliyin pozulmasının mənbəyi adlandırıb. O, bu fikirləri HƏMAS-ın rabitə məsələləri üzrə rəhbəri ilə görüşündə səsləndirib. Qalibaf Vaşinqtonu üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıb. İran rəsmisi iyun ayında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumunun şərtlərinin yerinə yetirilməsini tələb edib. O, ABŞ-nin razılaşma üzrə öhdəliklərinə hörmət etməli olduğunu bildirib. Bununla yanaşı, Qalibaf İranın danışıqları rədd etmədiyini vurğulayıb. Tehran mövcud qarşıdurmaya baxmayaraq, danışıqların davam etdirilməsi imkanını açıq saxladığını bildirir. Açıqlama ABŞ-İran münasibətlərində hərbi və siyasi gərginliyin artdığı bir dövrdə verilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın qarşılıqlı anlaşma memorandumunun bütün müddəalarını pozduğunu iddia edib. O, Vaşinqtonu Hörmüz boğazında gəmiləri İranın müəyyən etdiyi keçid xəttindən kənar “paralel marşrut”a yönəltməkdə günahlandırıb. Bəqayi bu addımın memorandumun şərtlərinə zidd olduğunu bildirib. İran rəsmisi ölkəsinin müharibəyə başlamaq niyyətində olmadığını söyləyib. Onun sözlərinə görə, Tehran yalnız özünü müdafiə edir. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi daha əvvəl ölkəsinin memorandum üzrə öhdəliklərini dayandırdığını açıqlamışdı. Tehran bu qərarı ABŞ-ın davam edən hücumları ilə əsaslandırıb. ABŞ tərəfi son ittihamlara hələlik ayrıca cavab verməyib.