#1945-ci ilin Tokio faciəsi: bir gecədə on minlərlə insanın həyatına son qoyan bombardman

İkinci dünya müharibəsinin son mərhələsində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Yaponiyanın paytaxtı Tokioya qarşı həyata keçirilən “Meetinghouse” əməliyyatı nəticəsində şəhər bir gecədə böyük miqyaslı dağıntıya məruz qalıb və on minlərlə mülki insan həyatını itirib. 1945-ci il martın 9-dan 10-na keçən gecə başlanan bombardman zamanı ABŞ-a məxsus B-29 tipli strateji bombardmançı təyyarələr Tokio üzərinə böyük miqdarda yandırıcı napalm bombaları atıb. ABŞ hərbi rəhbərliyi hücumun təsirini artırmaq üçün təyyarələrdən müdafiə pulemyotlarının çıxarılmasına qərar verərək onların daha çox bomba daşımasına imkan yaradıb. Beləliklə, hər bir təyyarə əvvəlkindən iki dəfə artıq – təxminən 6 tona yaxın yandırıcı sursatla yüklənmişdi.