#Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırlanan 2 mobil tətbiq Milli İnternet Mükafatına layiq görülüb. “MilliNet 2025” müsabiqəsinə ümumilikdə 13 nominasiya üzrə 179 rəqəmsal resurs, o cümlədən Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial xidmətlərə əlçatanlığının təmin edilməsi, onlara daha keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə hazırlanan iki layihə təqdim edilib.

Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə Mediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminar keçirilir. Seminarda media nümayəndələri, Əlilliyi Olan Şəxslərin Təşkilatları, BMT Kommunikasiya Qrupu və BMT İnklüzivlik üzrə İşçi Qrupu, əlillik hüquqları üzrə ekspertlər iştirak edirlər.

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərinin təşkilini davam etdirir. Agentlik tərəfindən növbəti əmək yarmarkası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal və xidmət sahələrində kiçik biznes fəaliyyətinə başlamaq üçün 28 istiqamət üzrə zərflər təqdim edilir.