İslam esxatologiyasında Qiyamət əlamətlərindən biri kimi göstərilən “Dəbbətül-ərz” Qurani-Kərimdə adı açıq şəkildə çəkilən nadir qeyri-insani varlıqlardan hesab olunur. Dini mənbələrə görə, Dəbbətül-ərz dünyanın sonuna yaxın, Qiyamət günü ərəfəsində yer üzündə zühur edəcək xüsusi bir məxluqdur. Qurani-Kərimin “Nəml” surəsinin 82-ci ayəsində bu varlıq barədə belə buyurulur: “Onlara deyilən söz (əzab) başlarına gəldiyi zaman yerdən onlar üçün bir məxluq çıxardarıq. O, insanlara Bizim ayələrimizə qəti şəkildə iman etmədiklərini söyləyər.”