#ABŞ–Suriya münasibətləri

Suriya hakimiyyəti ölkə ərazisində ABŞ qüvvələrinin istifadə etdiyi bütün hərbi obyektlərin boşaldıldığını və dövlət nəzarətinə verildiyini bəyan edib.Rəsmi Dəməşq tərəfindən yayılan açıqlamada bildirilib ki, ABŞ hərbi kontingentinə aid bütün mövqelər artıq tərk edilib və həmin ərazilər Suriya dövlət qurumlarına təhvil verilib. Məlumatda qeyd olunur ki, bu addım ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.

ABŞ təxminən 10 il yerləşdiyi Suriyanın İraq və İordaniya sərhədlərinin kəsişməsində yerləşən strateji Tenef hərbi bazasından geri çəkilib. Suriya hökumətinə yaxın mənbələr ölkə ordusunun bazanı təhvil alaraq burada yerləşdiyini bildirib. Məlumata görə, ABŞ qüvvələri Tenef bazasından İordaniya ərazisində yerləşən və bazaya 22 kilometr məsafədə olan “Kule 22” hərbi obyektinə köçürülüb. Bildirilir ki, bir vaxtlar Tenefdə təxminən 200 ABŞ hərbçisi yerləşirdi. “Kule 22” bazasındakı ABŞ hərbçilərinin sayı barədə isə dəqiq məlumat açıqlanmayıb.

ABŞ-ın Suriyaya xüsusi elçisi Tom Barak bu gün (cümə axşamı) bəyan edib ki, Dəməşq beynəlxalq koalisiyaya qoşulduqdan sonra “İŞİD” qalıqlarının, İranın “İnqilab Keşikçiləri Korpusu”nun, “HƏMAS”ın, “Hizbullah”ın və digər “terror şəbəkələrinin qarşısının alınması və parçalanması” prosesinə töhfə verəcək.