#Sputnik-2

Bu gün kosmonavtların kosmik geyimdə çəkilən görüntüləri adi mənzərəyə çevrilsə də, bir zamanlar Yer atmosferindən kənar məkan insanlıq üçün böyük naməlum hesab olunurdu. Alimlər kosmosun canlı orqanizmə necə təsir göstərəcəyini bilmirdilər. İnsan qanının donub-donmayacağı, ağciyərlərin partlayıb-partlamayacağı, yaxud çəkisizlik şəraitində şüurun fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə ciddi suallar mövcud idi. İnsanların birbaşa riskə atılması mümkün olmadığı üçün elm adamları ilk kosmik sınaqlarda heyvanlardan istifadə etməyə qərar verdilər. Beləliklə, bəşəriyyətin kosmosa gedən yolunu əvvəlcə səssiz canlılar açdı. Onlar nə şöhrət, nə də mükafat istəyirdilər. Sadəcə, nəfəs alıb-verən canlılar kimi insanlığın gələcəyi üçün naməlum kosmik boşluğa göndərildilər. Tarixə düşən həmin heyvanlar arasında it, meymun, pişik, hörümçək və tısbağalar xüsusi yer tutur.