Liviyanın devrilmiş lideri Muəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafi Qərbi Liviyada qətlə yetirilib. Yerli və beynəlxalq mənbələrin yaydığı məlumata görə, hadisə çərşənbə axşamı gecəsi Trablusdan təxminən 136 kilometr cənub-qərbdə yerləşən Zintan şəhərində baş verib. Seyfülislam Qəddafinin ölümünü onun vəkili Xalid əl-Zeydi sosial şəbəkədə paylaşım edərək təsdiqləyib. Lakin vəkil hadisənin detalları barədə açıqlama verməyib. Qəddafini BMT-nin vasitəçiliyi ilə aparılan Liviyadaxili siyasi dialoq prosesində təmsil etmiş Abdullah Osman Abdurrahim də ölüm faktını təsdiqləyərək, hadisənin sui-qəsd xarakteri daşıdığını bildirib.
#Liviya lideri Muəmmər Qəddafi
Liviyada baş verən son böhran bu Şimali Afrika ölkəsinin Qərb ilə çoxəsrlik, mürəkkəb və gərgin münasibətlər tarixinin yalnız növbəti mərhələsidir. Aşağıda Liviya-Qərb münasibətlərində əsas dönüş nöqtələri təqdim olunur:
2011-ci il oktyabrın 20-də Afrikanın və ərəb dünyasının ən uzunömürlü lideri olan Muəmmər Qəddafi doğma şəhəri Sirt yaxınlığında üsyançı qüvvələr tərəfindən ələ keçirilib və öldürülüb. 69 yaşlı Qəddafi 1969-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlmişdi və dörd onillikdən çox davam edən idarəçiliyi dövründə xalqına qarşı çoxsaylı insan haqları pozuntularında ittiham olunmuş, həmçinin bir sıra terror aktları ilə əlaqələndirilmişdi. Bu hadisələr arasında 1988-ci ildə Şotlandiyanın Lokerbi şəhəri üzərində “Pan Am” sərnişin təyyarəsinin partladılması da var idi.