#Zelenski Putinin dəvətini rədd etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək dəvətini rədd edib. Zelenski bu barədə Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, dəvət barədə məlumatı ona ABŞ-dakı tərəfdaşları çatdırıblar. Zelenski bir daha Kiyev üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayaraq bunun ayrılmaz hissəsinin Ukrayna ordusu olduğunu bildirib. O, bunun üçün silah, maliyyə və hərbi təlimin zəruri olduğunu qeyd edib. Prezident əlavə edib ki, Parisdə “istəklilər koalisiyası” çərçivəsində aparılan danışıqların yekununda iştirakçılar Ukrayna ərazisində müəyyən mövcudluq yaratmaq barədə razılığa gəliblər. Bundan əvvəl Makron 26 ölkənin atəşkəsdən sonra Ukraynaya dəstək qüvvələri yerləşdirməyi rəsmən öhdəsinə götürdüyünü açıqlamışdı.