HƏMAS-ın əlində saxlanılan israilli girovların ailələri baş nazir Benyamin Netanyahunun siyasətinə qarşı etirazlarını gücləndiriblər. Ailələr həmçinin Netanyahunun onlarla görüşməkdən imtina etdiyini və tələblərini dinləmədiyini bildiriblər. Onların sözlərinə görə, baş nazir görüş üçün qrafikində vaxt olmadığını bəhanə gətirib. Girov ailələri açıqlayıblar ki, yaxınlarının Qəzzaya aparılmasından 700 gün keçdiyi üçün Netanyahu ilə görüş tələb ediblər. Lakin bir müddət sonra onlara görüşün baş tuta bilməyəcəyi bildirilib. Ailələr baş naziri onlardan qaçmaqda ittiham edərək deyiblər: “İki ildir övladlarımızı laqeyd qoyduğu üçün artıq gözlərimizə baxa bilmir.”
#Tel-Əviv etirazları
Bu gün İsraildə tələbələr küçələrə çıxaraq girovların azad edilməsini və Qəzza zolağında sülh sazişinin imzalanmasını tələb ediblər. Yüzlərlə tələbə ölkənin şimalında yol ayrıcını bağlayaraq İsrail ilə HƏMAS arasında razılaşma əldə olunmasını və Qəzzada saxlanılan girovların azad edilməsini tələb edib. Məlumata əsasən, bəzi tələbələr “Girovlar olmadan təhsil yoxdur” yazılmış plakatlar qaldırıblar.
Təl-Əvivdə Qəzza müharibəsinin davam etməsinə qarşı və girovların azad olunması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı saxlanılıb. İsrail Polisinin verdiyi məlumata görə, onun üzərindən tüstü qumbarası götürülüb. Bundan əlavə, bir neçə nümayişçiyə avtomobil yolunu bağlayaraq hərəkətə mane olduqları üçün cərimə yazıldığı bildirilib. Polis bəyan edib ki, “əsas etiraz yerlərində ictimai asayişin pozulmasına yol verməmək üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərir”.
Finlandiya Prezidenti Aleksander Stubb İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları beynəlxalq hüququn pozulması kimi dəyərləndirib. BMT-yə bağlı qlobal aclıq monitorinqi təşkilatı ötən həftə Qəzza şəhəri və ətraf ərazilərdə rəsmi aclıq vəziyyətinin elan edildiyini açıqlayıb və bu vəziyyətin daha da genişlənəcəyini bildirib.
İsraildə girovlarla həmrəylik məqsədilə keçirilən ölkə miqyaslı etiraz aksiyaları çərçivəsində bir sıra əsas yollar, o cümlədən 1-ci magistral və Raanana qovşağı etirazçılar tərəfindən bağlanıb. Bundan başqa, 75-ci və 443-cü magistral yollarının bəzi hissələri də nəqliyyata bağlıdır.