Qəzza zolağından 40 xəstə və onları müşayiət edən 62 nəfər müalicə üçün xaricə təxliyə olunub. Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, onlar əvvəlcə Əl-Məvasi səhra hospitalında hazırlanıblar. Daha sonra təcili tibbi yardım avtomobilləri ilə Rəfah sərhəd keçid məntəqəsinə aparılıblar. Təxliyə Ümumdünya Səhiyyə Təşkilatı və aidiyyəti qurumların əlaqələndirməsi ilə həyata keçirilib. Təşkilat Qəzzanın səhiyyə sisteminin ağır vəziyyətdə olduğunu bildirib. Açıqlamaya görə, xəstəxanalar hərbi əməliyyatlar və blokada səbəbindən ciddi çətinliklərlə üzləşir. Tibbi xidmətlərin göstərilməsi məhdud imkanlar şəraitində davam edir. Beynəlxalq təşkilatlar ağır xəstələrin təhlükəsiz şəkildə bölgədən çıxarılması istiqamətində fəaliyyətlərini davam etdirirlər.