#Türkiyədə nazir təyinatı: Akın Gürlek rəsmən Ədliyyə naziri oldu

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, məhkəmə xidmətlərinin vətəndaşlara daha səmərəli şəkildə təqdim edilməsi, kommersiya mübahisələrinin ən qısa müddətdə həll olunması və ticari etimadın artırılması məqsədilə işlər fasiləsiz davam etdiriləcək. Nazir sosial media hesabında paylaşdığı açıqlamada kommersiya işlərində proseslərin uzanmasının qarşısını almaq və tətbiq birliyini təmin etmək üçün addımların qətiyyətlə atıldığını vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin hüquq sistemində mühüm kadr dəyişikliyi baş verib. 11 fevral 2026-cı il tarixli sərəncamla Türkiyənin yeni Ədliyyə naziri vəzifəsinə Akın Gürlek təyin edilib. 1982-ci ildə Nevşehirdə anadan olan Akın Gürlek 2005-ci ildə Mərmərə Universiteti Hüquq fakültəsini bitirib. Karyerası ərzində Türkiyənin müxtəlif bölgələrində hakimlik edən Gürlek, xüsusilə İstanbulda ağır cəza məhkəmələrinin sədri olduğu dövrdə qəbul etdiyi səs-küylü qərarlarla tanınıb.