#Transxəzər enerji dəhlizi

Mərasimdə çıxış edən nazir Pərviz Şahbazov hər iki ölkə liderlərinin siyasi iradəsi sayəsində Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu prosesdə dövlət başçıları arasında mövcud olan şəxsi etimad və dostluğun əvəzsiz rol oynadığını vurğulayıb. Nazir ölkəmizin tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasını, eləcə də Orta Dəhlizin əhəmiyyətini artıran Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərin münasibətlərimizin inkişafında yeni səhifə açdığını qeyd edib. Bildirilib ki, ölkələrimizin vahid geosiyasi məkan kimi inteqrasiyasını təmin edən bu yeni reallıqlarda enerji tərəfdaşlığı xüsusi yer tutur: “SOCAR və “Uzbekneftegaz”ın birgə əməkdaşlığı ilə həyata keçirilən Üstyurt regionunda kəşfiyyat-axtarış layihəsinə başlanması da bunun bariz nümunəsidir. Bu layihə enerji tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqləyir, hər iki ölkənin karbohidrogen sektorunda bilik və texnologiya mübadiləsini gücləndirməyə, regional enerji inteqrasiyasına və enerji təchizatında birgə iştirak imkanlarına zəmin yaradır.”