#orden

Misir Prezidenti Əbdül Fəttah əl-Sisi azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirovu birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif edib. Misir Prezidentinin şəxsən özü tərəfindən təqdim olunan bu orden elmin inkişafı və yayılması sahəsində müstəsna xidmətləri olmuş görkəmli alim və maarifpərvər şəxslərə verilir. S.Nəsirov Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Qahirə Universitetində Azərbaycan dili müəllimi, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmtəsisçisi və həmsədridir. Misirdə 23 il ərzində onun rəhbərlik etdiyi müəssisələrdə dünyanın əksər ölkələrindən olan minlərlə tələbə təhsil alıb ölkələrinə qayıdıb. Hal-hazırda dünyanın 65 ölkəsindən Misirdə təhsil alan 1700-dən çox tələbə bu müəssisələrdə təhsillərini davam etdirirlər.