BAKI,VOA, Fərid Mikayılov
Yəmən Silahlı Qüvvələri Qırmızı dənizin şimalında, Yənbu sahilləri yaxınlığında Səudiyyə Ərəbistanına məxsus "Wafa" neft tankerini bir neçə ballistik raketlə hədəfə aldığını bəyan edib.
VOA xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri əməliyyatın dəqiq icra olunduğunu iddia edib.
Onun sözlərinə görə, iyulun 22-də tətbiq olunduğu bildirilən dəniz blokadasından bəri bu, hədəfə alınan səkkizinci Səudiyyə neft tankeridir.
Səri bildirib ki, Yəmən qüvvələri ümumilikdə 29 Səudiyyə tankerinin hərəkətinin qarşısını alıb və onları Qırmızı dəniz və Ərəb dənizi istiqamətinə geri dönməyə məcbur edib.
O vurğulayıb ki, Qırmızı dənizin şimalında əməliyyatlar davam etdiriləcək və daha da genişləndiriləcək.
Yəmən tərəfi Səudiyyə Ərəbistanına qarşı tətbiq etdiyi dəniz blokadasını Riyadın ölkəyə qarşı həyata keçirdiyi "ədalətsiz mühasirəyə" cavab olaraq əsaslandırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı tərəfi hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib.