#İsrail və İran gərginliyi

İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli kanallar vasitəsilə bir-birinə qarşı hücum etməmək barədə razılaşma əldə ediblər. Məlumata görə, İranda dekabrın sonlarında başlayan etirazlardan bir neçə gün əvvəl İsrail rəsmiləri Rusiya kanalı vasitəsilə Tehrana mesaj göndərərək bildiriblər ki, İsrail ilk hücuma məruz qalmadığı halda İrana zərbə endirməyəcək. İran tərəfi də eyni kanalla cavab verərək, hücumdan çəkinəcəyini bildirib.

İranın paytaxtı Tehranda İsrail xeyrinə casusluqda ittiham olunan Əli Ərdəstani edam edilib. Ali Məhkəmənin təsdiqi və bütün hüquqi prosedurların icrasından sonra Ərdəstaninin Mossadın xeyrinə casusluq etməsi və ölkə ilə bağlı həssas məlumatları xaricə ötürməsi ittihamı üzrə çıxarılan edam hökmü icra olunub. Onilliklərdir İran ilə İsrail arasında davam edən gizli qarşıdurma fonunda Tehran indiyədək Mossad ilə əlaqədə ittiham olunan bir sıra şəxsləri edam edib.

İranın paytaxtı Tehranda İsraillə əlaqəli olduğu iddia edilən bir şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. İran polisi həmin şəxsin MOSSAD ilə əlaqədə olduğunu və ölkə üzrə davam edən etiraz aksiyalarını qızışdırmaqda iştirak etdiyini bildirir. Tehran polisi saxlanılan şəxslə bağlı görüntülər yayıb. Adı açıqlanmayan şəxsin maddi qarşılıq müqabilində MOSSAD üçün fəaliyyət göstərdiyi və müxtəlif şəhərlərdə keçirilən aksiyalarda təxribatçı rol oynadığı iddia olunur.

İran Prezidenti Məsud Pezeşkian, ABŞ və İsrail liderlərinin İran'a yenidən hücum etmə ehtimalına dair açıqlamalarına sərt reaksiya verib. Bu barədə Pezeşkian, sosial media platforması X-də yayımladığı yazılı açıqlamada bildirib. "İran İslam Respublikası hər cür zalımca hücuma qarşı cavabını sərt və peşmanlıq doğuracaq şəkildə verəcəkdir" deyib. Açıqlama, İsrail Baş Naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Tramp ilə dünənki görüşündən sonra gəlib. Tramp, İsrailin İrana qarşı ehtimal olunan hücum planları ilə bağlı suallara cavab verərək, "Onlar (İran) edəcəklərinin nəticələrini bilirlər. Nəticələr çox ağır olacaq, bəlkə də keçən dəfəkindən daha ağır. İran, keçən dəfə onlara seçim təklif edəndə bizimlə razılaşmalıydılar" ifadələrini istifadə edib.

İran Prezidenti Məsud Pezeşkian bu gün, bazar ertəsi bildirib ki, hökumət ölkədə pul-kredit və bank sistemlərinin islahı üçün əsas tədbirləri gündəliyinə daxil edib. Pezeşkian dövlətə məxsus “Ələm” telekanalının yaydığı açıqlamada deyib: “İnsanların güzəranı mənim gündəlik qayğımdır və hökumət problemləri aradan qaldırmaq, məsuliyyətli həll yolları təqdim etmək üçün bütün gücü ilə çalışır.” Digər tərəfdən, İranın Ali Rəhbərinin siyasi müşaviri Əli Şamxani bəyan edib ki, İranın raket və müdafiə imkanlarını məhdudlaşdırmaq mümkün deyil və bu imkanları inkişaf etdirmək üçün heç kəsdən icazə almağa ehtiyac yoxdur. Dövlət “Ələm” telekanalının Şamxanidən sitat gətirdiyi xəbərdə qeyd olunur ki, “istənilən hücum sərt və dərhal cavabla qarşılanacaq və bu cavab planlaşdıranların təsəvvürünü aşacaq.”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İraqın Tehran və Vaşinqton arasında dialoqu təşviq etmək səylərini müsbət qiymətləndirdiklərini bildirib. O qeyd edib ki, istənilən danışıqlar prosesi effektiv və real nəticələr verməsi üçün müəyyən edilmiş diplomatik prosedurlara uyğun aparılmalıdır. Bəqayi Tehranda keçirilən həftəlik mətbuat konfransında diplomatiyanın İranın milli maraqlarının qorunmasında əsas vasitələrdən biri olduğunu və faydalı olduğu hallarda bu alətdən istifadə olunacağını vurğulayıb.

İran lideri Əli Xamenei, ABŞ ordusunun İranlı gənclərin cəsarəti və fədakarlığı qarşısında məğlub olduğunu iddia etdi. İran lideri Əli Xamenei, Avropadakı İslam Tələbə Cəmiyyətləri Birliyinin illik toplantısı üçün rəsmi internet səhifəsində mesaj yayımladı. İran lideri mesajında, "ABŞ ordusunun və onun bu bölgədəki uzantısının ağır hücumu, İranlı gənclərin cəsarəti və fədakarlığı qarşısında məğlub oldu." ifadəsini istifadə etdi. Ölkəsinin hücuma uğramasının və sanksiyalarla üzləşməsinin tək səbəbinin nüvə məsələsi olmadığını iddia edən Xamenei, əsas problemin İranın "istilaçı dövlətlərə qarşı mübarizəsi" olduğunu vurğuladı.

İran bazar ertəsi günü raket proqramının sırf müdafiə məqsədi daşıdığını və hücumların qarşısını almağa yönəldiyini bəyan edərək, ölkənin raket arsenalının müzakirə mövzusu olmadığını bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, ölkənin raket proqramı İran ərazisini qorumaq məqsədilə hazırlanıb və danışıqlar predmeti deyil. “İranın raket proqramı ölkənin ərazi bütövlüyünü müdafiə etmək üçün inkişaf etdirilib, bu, müzakirə mövzusu deyil. Aqressorları İranı hədəfə almaq fikrindən daşındırmaq üçün nəzərdə tutulan müdafiə imkanlarımız danışıla bilməz,” – deyə Bəqayi vurğulayıb.

İranın Nüvə Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami ölkənin mülki nüvə proqramını inkişaf etdirməyə davam edəcəyini bildirərək, eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) çərçivələrinə tam riayət edəcəyini vurğulayıb. Bu, Tehran fəaliyyətləri ilə bağlı siyasi səbəblərlə irəli sürülə biləcək ittihamlardan çəkinmək məqsədi daşıyır. İslami, müasir dünyada “cangüdümlü qanun və ikili standartlar”ın hökm sürdüyünü qeyd etsə də, MAQATE-nin BMT-yə tabe olan bir qurum olduğunu bildirərək, İranın “qaydaları pozmaq iddialarından qorunmaq üçün çərçivələrə riayət etməsinin vacib” olduğunu bildirib.

İranın Xarici İşlər naziri Abbas Əraqçi ölkənin milli gücünün və müdafiə qabiliyyətlərinin artırılmasının vacibliyini vurğulayaraq, İrana qarşı təhdidlərin qarşısını almaqda dayanıqlı qoruyucu qüvvənin əhəmiyyətini qeyd edib.Əraqçi çərşənbə axşamı ölkə üzrə cümə namazı xütbələrini idarə edən dini liderlərlə görüşdə İranın xarici siyasətində son dövrlərdəki inkişafları və beynəlxalq əlaqələri izah edib.

İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, Tehran və Vaşinqton razılığa gəlməyə çox yaxın olublar, lakin ABŞ “sıfır zənginləşdirmə” tələb etdiyindən proses uğursuz olub və nəticədə ABŞ diplomatiya əvəzinə qarşıdurmanı seçib. Əraqçi Muskatda “Musa əl-Fərrac ” proqramına verdiyi müsahibədə Oman Sultanlığının uzunmüddətli və effektiv vasitəçilik rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, beynəlxalq münasibətlər ABŞ və İsrailin nəzarətsiz güc tətbiqindən təsirlənərək “cangüdümlü qanun” vəziyyətinə qayıdıb.