#İsrail və İran gərginliyi

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi milli vəzifələrini yerinə yetirərkən Küveyt Silahlı Qüvvələrinin iki üzvünün şəhid olması ilə əlaqədar Küveyt Dövlətinin hökumətinə və xalqına ən dərin hüznlə başsağlığı verib. Rəsmi bəyanatda Krallıq həyatını itirən hərbçilərin ailələrinə və yaxınlarına səmimi rəğbətini və həmrəyliyini ifadə edib. Səudiyyə Ərəbistanı bu ağır itki ilə bağlı Küveytin kədərini paylaşdığını və qardaş ölkənin yanında olduğunu vurğulayıb.

İran Qızıl Aypara Cəmiyyətinin son məlumatına görə, ABŞ və İsrail koalisiyasının həyata keçirdiyi hava hücumlarında həyatını itirənlərin sayı daha 232 nəfər artaraq 787-yə çatıb. Bombardmanların miqyası genişləndikcə sivil itkilərin sayı sürətlə artmaqda davam edir. "Mehr" xəbər agentliyinin yaydığı məlumata əsasən, hücumlar zamanı Həmədan şəhəri başda olmaqla, bir çox mülki yaşayış məntəqəsi birbaşa hədəfə alınıb. Dağıntılar altında qalan çox sayda binanın yerlə-yeksan olduğu, xilasetmə işlərinin isə davam etdiyi bildirilir. Saatlar keçdikcə sivil itkilərin real miqyası daha da aydınlaşır.

İran lideri Ayetullah Əli Xameneyinin ABŞ və İsrailin hərbi hücumları nəticəsində həlak olmasından sonra ölkənin yeni rəhbərinin seçilməsi məsələsi gündəmə gəlib. Ekspertlər Şurasının (Məclis-i Xübreqan) üzvü Ayetullah Əli Müəllimi bildirib ki, yeni liderin müəyyənləşdirilməsi prosesi uzun çəkməyəcək. İran Tələbələr Xəbər Agentliyinə (ISNA) danışan Müəllimi vurğulayıb ki, seçiləcək şəxs "İmam Mehdinin naibi" statusunda fəaliyyət göstərəcək qədər elmli və düşməndən qorxmayan cəsur bir fəqih olmalıdır. O, həmçinin qeyd edib ki, liderin seçimində siyasi yönümlər və partiyalar deyil, dini meyarlar və şura üzvlərinin birgə rəyi əsas götürüləcək.

ABŞ Dövlət Departamenti regional gərginliyin sürətlə artması səbəbindən Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki fövqəladə hallarda çalışmayan personalına və onların ailə üzvlərinə ölkəni tərk etmək tapşırığı verib. Təhlükəsizlik vəziyyəti ilə bağlı verilən rəsmi açıqlamalarda həmin ölkələrə səyahət edilməməsi xəbərdarlığı yenilənib. Dövlət Departamenti qeyd edib ki, sözügedən ölkələrdə qalan ABŞ vətəndaşları və personalı vəziyyətin pisləşəcəyi təqdirdə alternativ planlar hazırlamalıdırlar. Eyni zamanda, ABŞ-ın Doha səfirliyinin ehtiyat tədbiri olaraq rutin konsulluq xidmətlərini müvəqqəti dayandırdığı bildirilib.

Səhər saatlarında İsrail döyüş təyyarələri İranın paytaxtı Tehranın müxtəlif bölgələrini hədəf alıb. Yerli medianın yaydığı məlumata görə, İsfahan şəhərində də güclü partlayış səsləri eşidilib. Hücumların şəhərin konkret hansı nöqtələrinə edildiyi barədə hələlik rəsmi açıqlama verilməyib. Fevralın 28-dən etibarən İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar genişlənməkdə davam edir. İran tərəfi bu hücumlara cavab olaraq İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdəki müəyyən hədəfləri vurduğunu açıqlayıb.

Qətər Daxili İşlər Nazirliyi tərəfindən məsələ ilə bağlı bəyanat yayılıb. Bəyanatda İrandan təşkil edilən hücumlar və ya bu hücumlara müdaxilə nəticəsində baş verən qəzalar zamanı hadisə yerinə toplaşmamağın vacibliyi bildirilib. Hadisə yerlərindən və sahədəki proseslərdən görüntü çəkərək sosial mediada paylaşmamağa diqqət yetirilməsi vurğulanan bəyanatda, bunun hüquqi nəticələri barədə xəbərdarlıq edilib. Bu növ hərəkətlərin rəsmi qurumların işinə mane olduğu və çevik müdaxiləni çətinləşdirdiyi ifadə edilib.

İranın rəsmi xəbər agentliyi IRNA İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilən "Sadiq vədə 4" əməliyyatının 14-cü dalğası ilə bağlı bəyanatını yayımlayıb. Bəyanatda Bəhreynin Şeyx İsa bölgəsində yerləşən ABŞ aviabazasının əsas komandanlıq və qərargah binasının 20 pilotsuz uçuş aparatı (PUA) və 3 raketlə hədəf alındığı bildirilib.Digər tərəfdən, Bəhreyndə sirenlər səslənib, hava hücumundan müdafiə sistemləri aktivləşdikdən sonra partlayış səsləri eşidilib.

Səudiyyə Ərəbistanı ölkədəki Prins Sultan hava bazası yaxınlığında 5 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general-mayor Turki əl-Maliki verdiyi açıqlamada, Prins Sultan hava bazası yaxınlığında "5 düşmən PUA-sının" qarşısının alındığını və məhv edildiyini qeyd edib. Maliki açıqlamasında başqa təfərrüatlara yer verməyib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun qurumun fəaliyyətini məhdudlaşdırdığını etiraf etsə də, ABŞ və İsrailin İrana qarşı birtərəfli hərbi müdaxiləsini tənqid edib. Nazir Barro mətbuata açıqlamasında bildirib ki, İran rejimi onilliklərdir nüvə proqramını tənzimləyən və silahlı qruplaşmalara dəstəyi qadağan edən BMT qərarlarına məhəl qoymur. O, bölgədə qalıcı sülhün təməli sayıla biləcək beynəlxalq təsisatlar çərçivəsində bu problemin həll olunmamasını "təəssüf doğuran hal" kimi qiymətləndirib.

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH), İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə və İsrail Hərbi Hava Qüvvələri komandanlığının mənzil-qərargahına zərbələr endirildiyi barədə məlumat yayıb. Bu hücumlar İranın "Doğru vəd 4" əməliyyatının 10-cu mərhələsi çərçivəsində "Xeybər" raketləri ilə icra olunub. Mənbələr qeyd edir ki, İranın İsrail ərazisinə yönəlmiş raket hücumlarında əsas hədəflər strateji hökumət binaları olub.

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hücumlardan sonra Tehranın cavab addımları və artan geosiyasi risklər qlobal enerji bazarlarında qiymətlərin kəskin yüksəlməsini bərabərində gətirib. ABŞ Prezidenti Donald Trampın 27 fevralda verdiyi açıqlamada, 26 fevralda başlayan nüvə danışıqlarında İranın "xoşniyyətli və açıq" mövqe nümayiş etdirmədiyini bildirərək prosesdən narazılığını ifadə etməsi bazarlarda risk qavrayışını gücləndirib. Həmin gün artan geosiyasi gərginliklərlə neft qiymətləri yüksəliş meylinə girib. "Brent" markalı neftin bir barelinin qiyməti 2,8 faiz artaraq 73 dollar səviyyəsində bağlanıb ki, bu da 2025-ci ilin iyunundan bəri ən yüksək göstəricidir. "West Texas Intermediate" (WTI) xam neftinin bareli isə 2,6 faiz artaraq 67,17 dollardan ticarət olunub.