#Ermənistan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin səfəri sonrası jurnalistlərin suallarını cavablandırarkən, Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verib. Ərdoğan, 8 avqustda ABŞ-ın paytaxtı Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı atılan imzaların, Ermənistan-Azərbaycan normallaşma prosesini sürətləndirdiyini bildirib. O, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşlərdə hər iki liderin eyni mövqedə olduğunu gördüyünü söyləyib.

Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunu ləğv etmək qərarını məmnunluqla qarşıladıqlarını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, 2025-ci il sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən qəbul edilən bu qərar regionda sülhün bərqərar olunması baxımından mühüm addımdır. "Minsk Qrupunun bağlanması və ona bağlı qurumların ləğv edilməsi ilə bağlı qərarı məmnunluqla qarşılayırıq. Azərbaycan və Ermənistanın ortaq səyləri nəticəsində mümkün olan bu tarixi qərar, iki ölkə arasında davam edən sülh prosesinin əhəmiyyətli mərhələlərindən birini təşkil edir."

Ermənistan ABŞ-də Azərbaycanla əldə olunmuş razılaşmalara sadiqdir və onları qısa müddətdə həyata keçirməkdə qətiyyətlidir. Bunu Çində keçirilən ŞƏT sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib. Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar nəticəsində təkcə Ermənistanla Azərbaycan arasında dövlət daxilində, ikitərəfli və beynəlxalq səviyyədə kommunikasiya açılmayacaq, eyni zamanda, bütün ŞƏT üzv dövlətləri üçün yeni logistik imkanlar yaradılacaq.

ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

"Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək həmin institutların bağlanması rəsmiləşdirilib", - deyə məlumatda qeyd edilib

Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla imzalanmış sənədləri, eləcə də Prezident Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüşünün yekun sənədini Dövlət Departamentinin saytında dərc edib. Məlumata əsasən, sənədlərə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərindəki görüşünün yekunlarına dair Birgə Bəyannamə, Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Anlaşma Memorandumu və Ermənistanla imzalanmış anlaşma memorandumları daxildir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 29-da davam etdirilib.

Avqustun 29-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib. Təqsirləndirilən şəxs Bako Sahakyan ibtidai istintaqda ifadəsində bildirib ki, o, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusu”nda “maddi-texniki təchizat üzrə qərargah rəisi” işləyib. 1994-cü ilin mayında atəşkəs elan olunan dövrədək aparılan döyüş əməliyyatlarında hərbi qüvvələrin birbaşa təchizatının təminatında iştirak edib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi avqustun 26-da davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.