Bakı, AzerVoice
Suriyada rejimin dəyişilməsi sosial ədalətə əsaslanan real ilahatlar aparmağa imkan yaradır.
AzerVoice xəbər verir ki, bunu ArabAZ-a özəl açıqlamasında tanınmış tədqiqatçı və siyasi məsləhətçi,eləcə də fransızca və ərəbcə dərc olunan “Qarabağ və altı həftəlik müharibə” kitabının müəllifi, Dr. Basel Haj Jasem bildirib.
Haj Jasem bildirib ki, Suriya minillik qədim tarixə malik olan
bir ölkədir və eləcə də , Hələb və Dəməşq şəhərləri də bu qədim
diyarın ən tarixi şəhərlərindən biridir.
“Bu ölkənin taleyi heç kimdən və ya konkret bir fərddən asılı
deyil. Gələcək yalnız Suriya xalqının iradəsi ilə qurulacaq”-deyə
siyasi məsləhətçi bildirib.
O qeyd edib ki, tarixdə böhranlardan, müharibələrdən keçmiş
ölkələrin nümunələri çoxdur.
“ İkinci dünya müharibəsindən sonra Almaniyada rejim dəyişikliyi
oldu, lakin bu ölkə öz gücünü bərpa edə bildi. Bir başqa misal isə
kommunist rejimlərin çökməsindən sonra olan şərqi Avropa
ölkələridir”-deyə, o qeyd edib.
Onun sözlərinə görə, “konkret bir şəxs olmadan Suriyanın
gələcəyinin olmadığını” iddia etmək, müharibədən, dağıntılardan,
korrupsiyadan və həbsxanalarda Əsəd rejimi zülmü altında əziyyət
çəkən insanların acısına məhəl qoymamaq deməkdir.
“Sadalananlar hamısı Suriyanın gələcəyinə ciddi əngəl idi.Suriya
xalqı yetmişinci illərdən bəri beynəlxalq təcrid, zülm və daxili
istibdad şəraitində yaşayır və sanksiyalardan əziyyət çəkirdi.
Bütün bunlar rejimin qaçaq başçısının (Bəşşar Əsəd) suriyalıları
böyük həbsxanaya salan siyasəti idi”- deyə o əlavə edib.
Tədqiqatçı Haj Jasem onu da qeyd edib ki, Suriyanın gələcəyini yalnız bir şəxsə bağlayan hər kəs, xalqın dəyərini və onun qədim tarixini alçaldmış olur.
“Şübhəsiz ki, Əsədin onilliklər hakimiyyəti və 14 illik Suriya
inqilabından sonra Suriyanın daxildə və xaricdə üzləşdiyi bir çox
problem olacaq. Lakin, xaricdə və ölkə daxilində olan suriyalıların
firavan bir gələcək qurma səriştəsi və təcrübəsi var.Yetər ki
onların bu işinə qarışan olmasın”-deyə o bildirib.
Qeyd edək ki , bu il dekabrın səkkizində birləşmiş Suriya
müxalifəti Bəşşar Əsəd hakimiyyətini devirib.Əsəd rejiminin çökməsi
ilə ölkədə rejim tərəfindən dinc insanlara qarşı işlədilən
cinayətlərin yeni faktları üzə çıxıb.