Bakı,
AzerVoice
Arxeoloqların yeni araşdırmaları, 11-17 min il əvvəl Avropada
yaşamış Maqdaleniya mədəniyyətinə aid insan qalıqlarında
adamyeyənlik izlərinin ola biləcəyini göstərir.
AzerVoice xəbər verir ki, Fransa,
İspaniya və Polşadan olan tədqiqatçılar Scientific Reports
jurnalında dərc edilən araşdırmada kəllə sümüklərində beyin
toxumasının çıxarılmasına işarə edən kəsiklər və çapıqlar aşkar
ediblər.
Bunun savaş zamanı düşmənlərə qarşı edilən bir hərəkət olduğu
ehtimal edilir.
Polşanın Krakov yaxınlığındakı Maszycka mağarasında tapılan sümüklər üzərində aparılan mikroskopik analizlər, onların ən azı 10 nəfərə, o cümlədən 4 uşağa aid olduğunu müəyyən edib. Bununla belə, adamyeyənliyin qəti sübutları hələ də mübahisəlidir.
Tədqiqatçı Francesc Marginedas qeyd edib ki, digər Maqdaleniya məkanlarında rast gəlinən ritual kəllə qablara burada rast gəlinməyib, bu da adamyeyənliyin müharibə kontekstində baş verdiyini göstərə bilər.
Zooloq və "Cannibalism: A Completely Natural History" kitabının müəllifi Bill Schutt bu tapıntıların maraqlı olduğunu, lakin alternativ izahların da mümkünlüyünü vurğulayaraq, "Bəlkə də bu, sadəcə ölülərə hörmət əlaməti idi" - deyə bildirib.
Qəti nəticəyə gəlmək üçün əlavə DNT analizlərinin aparılacağı bildirilib.