Hizbullah Livanın cənubundakı Odaisseh qəsəbəsində İsrailə məxsus hərbi texnikanın pilotsuz uçuş aparatı ilə hədəfə alındığını bildirib. İsrail ordusu isə sərhəd bölgəsində şübhəli hava hədəflərinin aşkar edildiyini və bəzi obyektlərə zərbələrin dəydiyini açıqlayıb. Hadisənin nəticələri ilə bağlı hələlik əlavə məlumat verilməyib.
Digər Dövlətlər
ABŞ və İran arasında aparılan təmaslarda müəyyən irəliləyiş siqnalları fonunda Pakistanın diplomatik fəallığı diqqət çəkir. Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin Tehrandakı görüşləri, feldmarşal Asim Munirin mümkün İran səfəri və Baş nazir Şahbaz Şərifin Çinə planlaşdırılan səfəri İslamabadın regionda vasitəçi rolunu gücləndirdiyini göstərir. Tehrandakı siyasi dairələr hesab edir ki, feldmarşalın səfəri baş tutarsa, bu, danışıqlarda ciddi irəliləyişin ən güclü siqnallarından biri ola bilər.
Livan iqtisadiyyatı İsrail ilə Hizbullah arasında yenidən alovlanan müharibə və Yaxın Şərqdə genişlənən enerji böhranının təsiri altında dərin tənəzzül mərhələsinə daxil olub. Ölkədə qiymət artımı, yanacaq qıtlığı və işsizlik fonunda iqtisadi aktivlik kəskin şəkildə zəifləyib.
ran Xarici İşlər Nazirliyi ABŞ və İsrailin fevral ayının sonunda İrana qarşı həyata keçirdiyi hücum və sonrakı müharibəni BMT Nizamnaməsinin “açıq şəkildə pozulması” kimi qiymətləndirib. Nazirliyin sözçüsü İsmayıl Bəqai Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı paylaşımda bildirib ki, BMT Nizamnaməsində “zəruri müharibə” anlayışı yoxdur və sənəd heç bir dövlətə başqa suveren ölkəyə qarşı güc tətbiq etmək hüququ vermir. ABŞ–İsrail hücumları sadəcə “lazımsız müharibə” kimi təqdim edilə bilməz və bu, BMT Nizamnaməsinin 2(4)-cü maddəsinin kobud şəkildə pozulmasıdır. Bəqai vurğulayıb ki, hüququn aliliyinə və BMT Nizamnaməsinə hörmət edən hər bir ölkə bu təcavüzü qəti şəkildə pisləməli və məsuliyyət tələb etməlidir.
Fələstin agentliyi “Wafa”ya istinadla xəbər verir ki, İsrail qüvvələri İordan çayının qərb sahilində, o cümlədən Ramallah və Hebron bölgələrində bir sıra basqın və reydlər həyata keçirib. Əl-Muğəyyir kəndində evlərdə axtarış aparılıb və sakinlərə hücum edilib, kənd yaxınlığındakı əkin sahələri qəsdən yandırılıb. Beyt Ula qəsəbəsində evlərə reyd zamanı üç nəfər saxlanılıb. İsrailli məskunlaşmaçılar da Turmus Ayya qəsəbəsində bir evin ələ keçirilməsi, Əl-Fərsiyyə – Xallet Xader bölgəsində ot tayalarının yandırılması, Burqa qəsəbəsində evə ziyan vurulması və Atara bölgəsində avtomobil şüşələrinin sındırılması kimi hücumlar həyata keçirib. Bu əməliyyatlar fələstinli sakinlər arasında ciddi narahatlığa səbəb olub.
Qızıl bazarında qiymətlər ucuzlaşmaqda davam edir, bu həftə spot qızılın bir unsiyası 4 524 dollara enib. Son məlumatlara görə, qiymətli metal ardıcıl ikinci həftəni dəyər itkisi ilə başa vurmağa hazırlaşır. Bunun əsas səbəbləri yüksək neft qiymətlərinin yaratdığı inflyasiya qorxuları və ABŞ-da bu il faiz artımı ehtimallarının güclənməsidir. Həm spot, həm də fyuçers bazarında qızıl 0,4 faiz dəyər itirib ki, bu da investorların narahatlığını artırır və qlobal maliyyə bazarlarında qiymətli metalların hərəkatını əks etdirir.
Yüksək zənginləşdirilmiş uranın daşınması və saxlanılması məsələsi beynəlxalq nüvə təhlükəsizliyi baxımından ən həssas proseslərdən biri hesab olunur. İranın nüvə proqramı ətrafında mümkün razılaşmalar çərçivəsində bu materialların “sıfır ehtiyat” prinsipi ilə ölkədən çıxarılması ehtimalı yenidən müzakirə olunur və bu, mürəkkəb logistik və texniki riskləri gündəmə gətirir.
İran Hörmüz Boğazına aid yeni bir xəritə yayımlayaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Oman sularını özünün tənzimləmə səlahiyyətinə daxil etdiyini açıqlayıb. İran tərəfindən təqdim olunan xəritədə, boğazın şərq girişində İranın Kuh-e Mobarak bölgəsindən BƏƏ-nin Fuceyrə şəhərinin cənubuna, qərb girişində isə İranın Keşm Adası uclarından BƏƏ-dəki Umm el-Kayveynə qədər olan ərazi idari bölgə kimi göstərilib.
ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərini təəccübləndirərək Polşa ərazisinə əlavə 5 min hərbçi göndərəcəyini açıqlayıb. Prezident bunun səbəbini Polşanın milli-mühafizəkar prezidenti Karol Navrocki ilə münasibətinə bağlayıb.
İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bildirib ki, son 24 saat ərzində Hörmüz Boğazından 35 gəmi, o cümlədən neft tankerleri və konteyner gəmiləri keçib. SEPAH qeyd edib ki, bu keçidlər onların icazəsi və koordinasiyası ilə həyata keçirilib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla aparılan müzakirələrdə müəyyən irəliləyişlər olsa da, Hörmüz Boğazı vasitəsilə keçidlərdən ödəniş alınmasına əsaslanan sistem beynəlxalq hüquq baxımından qəbul edilə bilməz. Rubio İsveçin Helsinqborq şəhərində keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısı girişində jurnalistlərə açıqlamasında deyib ki, ABŞ və müttəfiqləri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək və uran zənginləşdirilməsi məsələsi müzakirə olunmalıdır.
Avropa İttifaqı Çin mənşəli yarımkeçirici təchizatçısına qarşı nəzərdə tutulan sanksiyaların tətbiqini müvəqqəti olaraq yumşaltmağı nəzərdən keçirir. Buna səbəb Avropa avtomobil sənayesinin ciddi təchizat zənciri böhranı ilə üzləşə biləcəyi barədə xəbərdarlıqlardır.