“Global Sumud Flotilla” təşkilatçıları İsrail tərəfindən saxlanıldıqdan sonra azad edilən bəzi fəalların zorakılıq və pis rəftara məruz qaldıqlarını iddia ediblər. Məlumatlarda fiziki zorakılıq, hüquqi təminatlardan məhrum edilmə və digər ciddi iddialardan bəhs olunur. Hazırda bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib və məsələ hüquqi araşdırma mərhələsindədir.
Digər Dövlətlər
Tehrandakı Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı Abbas Aslani hesab edir ki, ABŞ və İran arasında mümkün razılaşmanın əldə olunması Vaşinqtonun kompromisə hazır olmasından asılıdır. Ekspertin fikrincə, ABŞ nüvə proqramı və Hörmüz boğazı məsələlərində çeviklik göstərərsə, diplomatik nəticə əldə etmək mümkün ola bilər. O həmçinin İranın paralel olaraq həm danışıqları davam etdirdiyini, həm də mümkün hərbi ssenarilərə hazırlaşdığını bildirib.
ABŞ Dövlət katibi Marko Rubio Hörmüz boğazında mümkün təhlükəsizlik böhranı ilə bağlı “Plan B” hazırlanmasının vacibliyini vurğulayıb. O bildirib ki, Vaşinqton və müttəfiqləri müxtəlif ssenarilərə hazır olmalı, eyni zamanda boğazın açıq qalması üçün diplomatik həll yollarına üstünlük verməlidirlər. Rubio əlavə edib ki, danışıqlarda müəyyən irəliləyiş müşahidə olunsa da, tərəflər arasında hələ də ciddi fikir ayrılıqları qalır.
NATO baş katibi Mark Rutte Hörmüz boğazında təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayaraq İranı naviqasiya azadlığına qarşı fəaliyyətlərdə ittiham edib. O bildirib ki, strateji su yollarının açıq qalması və beynəlxalq tranzitin təmin olunması üçün dövlətlər arasında koordinasiyalı əməkdaşlıq zəruridir.
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi arasında keçirilən telefon danışığında ikitərəfli münasibətlər, eləcə də regionda və beynəlxalq arenada son vəziyyət müzakirə olunub. Diplomatik təmasların Yaxın Şərqdə artan gərginlik və beynəlxalq proseslər fonunda həyata keçirilməsi diqqət çəkir.
Pakistan ordusunun rəhbəri, feldmarşal Asim Munirin yüksək səviyyəli nümayəndə heyəti ilə Tehrana səfəri regionda diqqətlə izlənilir. Səfər Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin İran rəsmiləri ilə keçirdiyi intensiv danışıqlardan sonra baş tutub. Analitiklər hesab edirlər ki, bu addım ya diplomatik prosesin yeni mərhələyə keçdiyini, ya da mümkün razılaşmanın təhlükəsizlik aspektlərinin müzakirə olunduğunu göstərə bilər.
Livan Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, martın 2-dən bəri İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ölkədə azı 3 111 nəfər həlak olub, 9 432 nəfər yaralanıb. Davam edən qarşıdurmalar fonunda humanitar vəziyyət və təhlükəsizlik narahatlıqları da artmaqdadır.
ABŞ və İran arasında münasibətlərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Siyasi müşahidəçilər hesab edirlər ki, prosesin istiqamətini müəyyən edəcək əsas amil dolayı təmaslar deyil, daha intensiv birbaşa danışıqların başlayıb-başlamaması olacaq. Eyni zamanda İranın özünü zəif və ya təslim olmuş tərəf kimi göstərməmək siyasəti və çəkindirmə strategiyasını qorumaq istəyi regionda diplomatiya ilə təhlükəsizlik balansının hələ də həssas olaraq qaldığını göstərir.
Hizbullah Livanın cənubundakı Odaisseh qəsəbəsində İsrailə məxsus hərbi texnikanın pilotsuz uçuş aparatı ilə hədəfə alındığını bildirib. İsrail ordusu isə sərhəd bölgəsində şübhəli hava hədəflərinin aşkar edildiyini və bəzi obyektlərə zərbələrin dəydiyini açıqlayıb. Hadisənin nəticələri ilə bağlı hələlik əlavə məlumat verilməyib.
ABŞ və İran arasında aparılan təmaslarda müəyyən irəliləyiş siqnalları fonunda Pakistanın diplomatik fəallığı diqqət çəkir. Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin Tehrandakı görüşləri, feldmarşal Asim Munirin mümkün İran səfəri və Baş nazir Şahbaz Şərifin Çinə planlaşdırılan səfəri İslamabadın regionda vasitəçi rolunu gücləndirdiyini göstərir. Tehrandakı siyasi dairələr hesab edir ki, feldmarşalın səfəri baş tutarsa, bu, danışıqlarda ciddi irəliləyişin ən güclü siqnallarından biri ola bilər.
Livan iqtisadiyyatı İsrail ilə Hizbullah arasında yenidən alovlanan müharibə və Yaxın Şərqdə genişlənən enerji böhranının təsiri altında dərin tənəzzül mərhələsinə daxil olub. Ölkədə qiymət artımı, yanacaq qıtlığı və işsizlik fonunda iqtisadi aktivlik kəskin şəkildə zəifləyib.
ran Xarici İşlər Nazirliyi ABŞ və İsrailin fevral ayının sonunda İrana qarşı həyata keçirdiyi hücum və sonrakı müharibəni BMT Nizamnaməsinin “açıq şəkildə pozulması” kimi qiymətləndirib. Nazirliyin sözçüsü İsmayıl Bəqai Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı paylaşımda bildirib ki, BMT Nizamnaməsində “zəruri müharibə” anlayışı yoxdur və sənəd heç bir dövlətə başqa suveren ölkəyə qarşı güc tətbiq etmək hüququ vermir. ABŞ–İsrail hücumları sadəcə “lazımsız müharibə” kimi təqdim edilə bilməz və bu, BMT Nizamnaməsinin 2(4)-cü maddəsinin kobud şəkildə pozulmasıdır. Bəqai vurğulayıb ki, hüququn aliliyinə və BMT Nizamnaməsinə hörmət edən hər bir ölkə bu təcavüzü qəti şəkildə pisləməli və məsuliyyət tələb etməlidir.