Bakı, AzerVoice
Pakistanda sənaye zonasında LPG ilə yüklənmiş tanker partlayıb. Partlayış nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
AzerVoice xəbər verir ki, Pakistanın Pəncab əyalətinin Multan şəhərində LPG tankeri partlayıb. Sənaye zonasında baş verən partlayış nəticəsində 6 nəfər həyatını itirib, 13-ü ağır olmaqla 30 nəfər yaralanıb. Tankerin ətrafa səpələnmiş hissələri avtomobillərə və binalara ziyan vurub.
Xilasedicilər partlayışdan sonra başlayan yanğının saatlarla davam edən işdən sonra söndürüldüyünü bildiriblər. Yanğın nəticəsində çoxlu mal-qara da tələf olub.
Polis tankerdən qaz sızmasının davam etdiyini və ərazidə evakuasiya işlərinə başlanıldığını bildirib.
Qeyd edək ki, yaralıların müalicə aldığı Niştar xəstəxanasında fövqəladə vəziyyət elan edilib, ehtiyat tədbiri olaraq ərazidə qaz və işıq kəsilib.