Bakı. AzerPress:
Pakistanın Hayber Paxtunxva əyalətində polis maşınına bombalı hücum olub.
AzerPress-in məlumatına görə, poliomielitə qarşı peyvənd edən tibb işçilərini qoruyan polis məmurlarına bombalı hücum nəticəsində altı polis məmuru həyatını itirib, 23-ü isə yaralanıb.
Müvəqqəti hökumətin baş naziri Ənvarul Hak Kakar hücumu şiddətlə qınayıb.
Məlumat üçün qeyd edək ki, hücuma görə məsuliyyəti Pakistan Talibanı (TTP) üzərinə götürüb.
TTP yaraqlıları poliomielit peyvəndi qruplarını və onları qoruyan polisi hədəf alan hücumlar həyata keçirir. TTP iddia edir ki, bu peyvənd “Qərb ölkələrinin uşaqları sterilizasiya etmək üçün istifadə etdiyi bir sui-qəsddir”.
1994-cü ildə başlanan poliomielitlə mübarizə kampaniyası çərçivəsində Pakistan 2017-ci ildə orta illik hadisələrin sayını 20 mindən səkkizə endirib.
2017-ci ildən sonra poliomielit hallarının artdığı Pakistanda 2018-ci ildə 12, 2019-cu ildə 147, 2020-ci ildə isə 84 hadisə aşkarlanıb. 2022-ci ildə ölkədə 20 hadisə qeydə alınıb.
Hafiz Rufizoğlu